Yusif Küseyr oğlu türbəsi

(1162-ci il)

Beş min il bundan əvvəl şəhər kimi formalaşan Naxçıvan çox böyük inkişaf yolu keçib, XII əsrdə burada Azərbaycanın Naxçıvan memarlıq məktəbi formalaşmış, çoxlu tarix-memarlıq abidələri yaradılmışdır. Belə abidələrdən biri də Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyr oğlu türbəsidir. El arasında "Atababa günbəzi" kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülmüşdür. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatmışdır.

Məqbərənin giriş qapısının baş tərəfində dörd sətirdə yazılan kitabədən aydın olur ki, türbə hicri təqvimi ilə 557-ci ildə (1162-ci il) Yusif Küseyr oğlunun xatirəsinə inşa etdirilmişdir. Məqbərənin qurşağında Qurani-Kərimin "Al-i İmran" surəsindən 15-17-ci ayələr, tağı üzərində isə "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir" sözləri yazılmışdır.

Yusif Küseyr oğlu kitаbədə "tаnınmış rəis", "mömin", "islamın gözəlliyi", "şeyxlərin başçısı" titul və epitetləri ilə təqdim оlunmuşdur. Yusif Küsеyr оğlunun tutduğu şəhər rəisi vəzifəsi o dövrdə kifаyət qədər nüfuzlu idi.

Türbənin ətrafı 2001-ci ildə abadlaşdırılmışdır.